Xəyal Əhədzadə
Xəyal Əlövsət oğlu Əhədzadə (21 avqust 1998; Nərimanabad, Lənkəran, Azərbaycan — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi veteranı.
== Həyatı ==
Xəyal Əhədzadə 1998-ci il avqustun 21-də Lənkəran rayonunun Nərimanabad qəsəbəsində anadan olub. Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi idi. O, boks üzrə məktəblilər arasında 40 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olmuşdur.
== Hərbi xidməti ==
Xəyal Əhədzadə 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl, Füzuli və Şuşa istiqamətində gedən döyüşlərdə savaşıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Şuşanın azad olunmasına görə" medalı və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Xəyal Əhədzadə 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.